×
A
A
A
Sazlamalar

AAYDA-da işgüzar görüş keçirilib

Bakı, 19 iyun, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov "TYPSA" şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə regional direktoru Alexandro Martin Roalezi ilə görüşüb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, İdarə Heyətinin sədri Saleh Məmmədov rəhbərlik etdiyi qurum, həmçinin Prezident İlham Əliyevin tapşırıq və sərəncamları əsasında yol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurla icra olunduğunu qeyd edən İdarə Heyətinin sədri 2022-2025-ci illər ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində həyata keçirilən avtomobil yolu layihələrinin tikintisi ilə bağlı görülən işlərin Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının yol-nəqliyyat xəritəsinin dəyişməsinə və regionlararası nəqliyyat əlaqələrinin genişləndirilməsinə böyük töhfə verəcəyini söyləyib.
Qeyd olunub ki, ölkəmizdə yol infrastrukturunun yenilənməsi Prezident İlham Əliyevin diqqətdə saxladığı əsas məsələlərdən biridir.
Agentlik tərəfindən inşa edilmiş avtomobil yollarının keyfiyyəti barədə yüksək fikir bildirən qonaq həyata keçirilən yol infrastrukturu layihələrinin əhəmiyyətindən danışıb.
Tədbirdə avtomobil yollarının tikintisi sahəsində əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tikinti̇ 2023-06-19 11:08:00