×
A
A
A
Sazlamalar

Ekspert: Milli iqtisadiyyatların inkişafının əsasını məhz kiçik və orta sahibkarlıq təşkil edir

Bakı, 17 iyun, AZƏRTAC

Kiçik biznes hər hansı inkişaf etmiş və ya etməkdə olan iqtisadi sistemin ayrılmaz zəruri elementidir, çünki onsuz iqtisadiyyat və bütövlükdə cəmiyyət normal fəaliyyət göstərə və inkişaf edə bilməz.
Bu barədə AZƏRTAC-a açıqlamasında Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri Yeganə Hacıyeva deyib.
Onun sözlərinə görə, bütün dünyada qəbul edilmiş yanaşma budur ki, kiçik və orta biznes iqtisadiyyatın ən çevik sektoru kimi bazar dəyişikliklərinə tez reaksiya verir və dəyişikliklərə minimal itkilərlə uyğunlaşmağa yardımçı olur. Milli iqtisadiyyatların inkişafının əsasını məhz kiçik və orta sahibkarlıq təşkil edir və məhz iqtisadiyyatın bu təbəqəsi daim dəyişən şərtlərə daha asan və tez uyğunlaşır.
Yeni iş yerləri yaratmağa qadir olan sahə kimi kiçik və orta biznes sektoru ölkədə işsizliyi və sosial gərginliyin azaldılmasında həlledici rol oynayır: “İşğaldan azad etdiyimiz ərazilərimizdə orta və kiçik biznesin inkişafı üçün fərdi sahibkarlığın stimullaşdırılması pozitiv rol oynaya bilər. Çünki bazar münasibətlərinin müasir inkişafı dövründə fərdi sahibkarlığın inkişafı xüsusi əhəmiyyət kəsb edir. Böyük həcmdə ilkin investisiyalar tələb etməyən və resurs dövriyyəsinin yüksək tempinə zəmanət verən kiçik müəssisələr iqtisadiyyatın şaxələndirilməsi, istehlak malları bazarının formalaşması və sosial ehtiyaclı istehlak malları ilə yarana biləcək problemləri ən tez və qənaətlə həll etməyə qadirdir. Kiçik biznesin yüksək inkişaf səviyyəsi bazar iqtisadiyyatının müasir modelinin zəruri komponentidir. İşğaldan azad edilmiş ərazilərimizdə kiçik və orta biznesin inkişafının stimullaşdırılması ilə iqtisadiyyatda rəqabət tonunun saxlanmasına töhfə verə, sosial struktura təbii sosial dayaq yarada və bununla da cəmiyyətin yeni sosial müdafiə qabiliyyətli təbəqəsinin inkişafına töhfə verə bilərik”.
Y.Hacıyeva qeyd edib ki, daxili iqtisadiyyatının vəziyyəti və əhalinin rifah səviyyəsi kiçik müəssisələrin fəaliyyətinin nə dərəcədə səmərəli həyata keçirilməsindən birbaşa asılıdır. İşğaldan azad edilən ərazilərdə dövlət kiçik və ya orta biznesdə ilk addımlarını atmağa kömək etməyə hazırdır və bunun üçün dövlət strategiyası işlənilib.
İctimai Birliyin sədri, həmçinin vurğulayıb ki, strategiya özlüyündə kiçik və orta sahibkarlığa dövlət dəstəyinin ehtiva edən xüsusi proqramlardan ibarətdir. Kiçik və orta biznes sektoruna qrant və kreditlər, lizinq kreditləri, icarə üçün imtiyazlar, kreditlər üçün vergi güzəştləri və ya zəmanətlər vermək, onlara biznesin əsaslarını öyrətmək kimi kompleks məsələləri əhatə edir.
İşğaldan azad edilən ərazilərdə kiçik və orta sahibkarlığa dövlət dəstəyi proqramları ilk növbədə dövlət üçün prioritet olan kənd təsərrüfatı, turizm və sənaye sahələrinə yönəlib.

 

 

Tikinti̇ 2023-06-17 10:57:00