×
A
A
A
Sazlamalar

Tikinti sektorunun inkişafı istiqamətində investisiya qoyuluşlarının artırılması dövlətin prioritet vəzifəsidir

Bakı, 16 iyun, AZƏRTAC

Hazırda ölkəmizdə tikintiyə qoyulan investisiyalar pul vəsaiti və bank depozit qoyuluşları formasında həyata keçirilir. Tikinti kompleksi istehsal prosesləri ilə bağlı olduğundan tikintidə iqtisadi səmərəliliyin artırılması istiqamətində yeni texnikaların istifadəsinə də xüsusi diqqət yetirilir.
AZƏRTAC xəbər verir ki, tikinti kompleksinin əsas funksiyalarından biri də elmi-texniki tərəqqinin sürətlə inkişafı, istehsalatda daha tez tətbiq edilməsi, yeni texnologiya yaradılması və onun mənimsənilməsidir.
Tikinti kompleksinin inkişaf etdirilməsinin əsas məqsədi Azərbaycanda tikinti kompleksinin təşəkkülü və milli iqtisadiyyatın sahə strukturunda özünəməxsus yer tutması, sahibkarlığın inkişafı, inşaat bazasının formalaşdırılması, tikililərin möhkəmliyini, etibarlılığını və təhlükəsizliyini təmin etmək məqsədilə dövlət siyasətinin istiqamətlərinin və tənzimləmə vasitələrinin müəyyənləşdirilməsidir. Tikinti sektorunun inkişafı istiqamətində investisiya qoyuluşlarının artırılması dövlətin prioritet vəzifələrindən biridir və bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilir.
Son illər regionlarda da tikinti-quruculuq işləri böyük vüsət almağa başlayıb. Bu baxımdan, regionlara investisiya axını dövlətin sosial-iqtisadi siyasətinin tərkib hissəsi olaraq qalır.
Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində məqsədyönlü işlər davam edir. Həmin ərazilərdə investisiya mühitinin yaradılması üçün infrastrukturun böyük hissəsi artıq qurulub. O cümlədən, işğaldan azad olunmuş ərazilər elektrik enerjisi ilə tam təmin edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ölkənin vahid enerji şəbəkəsinə qoşulub.
Eyni zamanda, bu ərazilərdə nəqliyyat infrastrukturu tam sürətlə bərpa olunmaqla, ölkənin digər şəhər və rayonlarının yol infrastrukturu ilə birləşdirilir. Region üçün xüsusi əhəmiyyət kəsb edən Tərtər‒Çaylı‒Suqovuşan‒Talış, Əhmədbəyli‒Füzuli‒Şuşa avtomobil yollarının (Zəfər yolu) və Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun tikintisi artıq başa çatdırılıb.
Digər avtomobil yollarının tikinti və bərpasının 2026-cı ilin sonunadək tamamlanması planlaşdırlır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ilə təmin olunması məqsədilə dövlət proqramında su anbarlarının, suvarma və paylayıcı kanalların, nasos stansiyalarının, subartezian quyularının, hidroqovşaqların və digər su təsərrüfatı obyektlərinin mərhələli şəkildə təmiri, bərpası və yenilərinin tikintisi isə 2026-cı ilin sonunadək yekunlaşdırılacaq. Bundan başqa, Laçın hava limanının tikintisinin də iki il ərzində istifadəyə verilməsi nəzərdə tutulub.
Ümumilikdə isə Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə beynəlxalq maliyyə institutlarının heç bir dəstəyi olmadan bərpa və tikinti işləri həyata keçirir. Belə ki, bu ərazilərdə sözügedən işlərin yerinə yetirilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlər ilbəil artır. Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri üçün 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılıb. 2023-cü ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün ötən illə müqayisədə 13 faiz daha çox, yəni 3 milyard manat nəzərdə tutulub.

 

Tikinti̇ 2023-06-16 15:01:00