×
A
A
A
Sazlamalar

Güclü külək nəticəsində bir neçə avtomobil yolunda yaranmış problem aradan qaldırılıb

Bakı, 16 iyun, AZƏRTAC

Güclü külək nəticəsində bir neçə avtomobil yolunda yaranmış problem aradan qaldırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən gün axşam saatlarında Yevlax, Göyçay, Ağdaş və Goranboy rayonları ərazisində yağıntı ilə müşahidə olunan güclü külək ağacların bir neçə avtomobil yolunun hərəkət hissəsinə aşmasına səbəb olub.
Avtomobil yollarında yaranmış problemlə bağlı agentliyin “Çağrı Mərkəzi”nə (012-599-79-75) məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə agentliyin həmin rayonlar üzrə Məhdud Məsuliyyətli cəmiyyətlərinin xüsusi texnika və canlı qüvvələri səfərbər olunub. Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin edilib.
Bundan başqa, güclü külək M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində yol kənarında yerləşən tikilinin dam örtüyünü uçuraraq Gəncə şəhəri istiqamətində yolun hərəkət hissəsinə salıb. Nəticədə həmin istiqamət üzrə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.
Agentliyin “3 N-li Magistral Yolların İstismarı” MMC-nin əraziyə cəlb olunmuş xüsusi texnikaları və canlı qüvvəsi qısa müddət ərzində dam örtüyünü yolun hərəkət hissəsindən təmizləyərək hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin edib.

Tikinti̇ 2023-06-16 10:13:00