×
A
A
A
Sazlamalar

Rəqəmsal və süni intellekt texnologiyaların iqtisadiyyatda tətbiqi yeni gəlir imkanları yaradır - Açıqlama

Bakı, 14 iyun, AZƏRTAC

Müasir telekommunikasiya, rəqəmsal və süni intellekt texnologiyalarının, həmçinin innovasiya və biliklərin istifadə edilməsi sosial-iqtisadi münasibətləri daha məhsuldar və səmərəli edir, iqtisadiyyatın ümumi dəyər zəncirində yeni gəlir imkanları yaradır.
Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Mirheydərov deyib.
Onun sözlərinə görə, qeyd edilən texnologiyaların bir-biri ilə inteqrasiya olunmuş formada istifadəsi ilə rəqəmsal məlumatların formalaşdırılması, yığılması, saxlanılması, işlənilməsi və analitik təhlillər əsasında qərar vermə və idarəetmənin keyfiyyətinin yüksəldilməsi səmərəli, eləcə də keyfiyyətli xidmətlərin göstərilməsi üçün geniş imkanlar açır. Bu imkanlar şəhər və kəndlərdə göstərilən xidmətlərin növbəti inkişaf mərhələsində funksional, genişmiqyaslı “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinə keçid üçün zəmin yaradır.
Ekspert qeyd edib ki, bu konsepsiyalar dünya şirkətlərinin Azərbaycana investisiya yerləşdirmək marağını artırmalıdır. Sirr deyil ki, müasir dünyada ən geniş yayılmış HiTech investisiya sahəsidir ki, bunlar nəinki indi, hətta yaxın gələcəyin ən gəlir gətirən sahələri olmaqda qalır.
“Yeri gəlmişkən, Vergi Məcəlləsinin 102.1.38-ci maddəsinə əsasən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq əhali qrupuna daxil olan aktiv istehlakçının bərpa olunan enerji mənbələri hesabına 150 kVt (150 kVt daxil olmaqla) güc həddinədək istehsal etdiyi elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlir vergidən azad edilir. Əlavə olaraq isə bu növ layihələrə İnvestisiya təşviqi sənədini almaq kifayət qədər real görünür və bu sənədə əsasən Vergi Məcəlləsinin 102.1.23 və 106.1.17 maddələrinə əsasən vergi ödəyiciləri mənfəət və gəlir vergisindən 7 il müddətinə azad olunurlar”,- deyə V. Mirheydərov bildirib.

Tikinti̇ 2023-06-14 16:54:00