×
A
A
A
Sazlamalar

Memar: Qarabağda dağılmış memarlıq abidələrinin hər daşında tariximizin silinməz izləri var

Bakı, 13 iyun, AZƏRTAC

İşğaldan azad olunmuş Qarabağ ərazisində yerləşən qədim abidələrimizi dağıdan ermənilərin məqsədi mədəniyyət tariximizin daşlaşmış yaddaşının silinməsi olub. Çünki bəzi abidələrə nəinki xələl gətirilib, hətta tamamilə məhv edilib. Bu abidələrin hər daşında həm mədəniyyətimizin, həm də tariximizin silinməz izləri vardır.
Bu barədə AZƏRTAC-a açıqlamasında tanınmış memar Fəzail Bayramov deyib.
Bildirib ki, Qarabağ bölgəsində tarixi memarlıq abidələrimizlə yanaşı, muzeylərimiz, dini məbədlərimiz də dağıdılaraq tanınmaz hala salınıb. İşğal nəticəsində Azərbaycana aid 500 tarixi-memarlıq abidəsi, 100-dən çox arxeoloji abidə, minlərcə əsərin qorunduğu 22 muzey, 4 rəsm sərgisi, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı mənfur düşmənlərimiz tərəfindən dağıdılıb: “Qarabağ işğaldan azad edildikdən sonra bu ərazilərdə qədim tarixi abidələrimizin bərpası sahəsində böyük işlər görülür. Azərbaycanın qədim məskənlərindən olan Qarabağda dağıdılmış memarlıq abidələrinin yenidən bərpası bu gün memarlarımızın qarşısında duran əsas vəzifələrdən biridir. Bu ərazilərdə maddi-mədəni irsimiz olan memarlıq abidələrinin qorunması və bərpası ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Qarabağda uzun illər düşmən tapdağında qalmış “Qarabağ xan sarayı”, “Xan qızı Natəvanın sarayı”, “Şah Abbas məscidi” və digər memarlıq incilərinin yenidən bərpa edilməsi günü heç də uzaqda deyil”.
Memar qeyd edib ki, bu gün Qarabağın tarixini, mədəni irsini bərpa etmək hər bir azərbaycanlının borcudur. Dövlət səviyyəsində bu sahədə ardıcıl işlər görülür. Belə ki, Qarabağın mədəni irsinin qorunması və təbliği istiqamətində bir neçə qanun və dövlət proqramları qəbul olunub. Əsas məqsədlərdən biri də abidələrin bərpa edilərək beynəlxalq səviyyəyə çıxarılması, dünya mədəni irs siyahılarına daxil edilməsidir. Bu abidələrimizin yenidən bərpası, həm də Azərbaycan tarixinin qorunması deməkdir. Bundan başqa, onların bərpası işlərinə gənc mütəxəssislərlə yanaşı, təcrübəli memarlar da cəlb edilməlidirlər.
F.Bayramov əlavə edib ki, memarlıq abidələrinin qorunub saxlanılması ilə bağlı eskiz, bərpa və konservasiya layihələrinin tərtib olunması vacib şərtlərdən biridir. Abidələrimizin funksional təyinatını və uzunömürlülüyünün təmin edilməsi bu gün diqqət mərkəzindədir. Ölkəmizdə sahibkarlar da bu sahəyə investisiya qoymaqda maraqlıdırlar. Bu, maddi-mənəvi irsimizə sahib çıxmaq və gələcək nəsillərə çatdırılması baxımından çox vacibdir.

Tikinti̇ 2023-06-13 16:03:00