×
A
A
A
Sazlamalar

Qarabağın dirçəldilməsində kommunikasiya məsələsi dövlətin prioritet siyasətidir

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işləri həyata keçirir və ölkəmizin bu qədər qısa müddət ərzində Qarabağda yenidən cənnət yaratmağı dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Bu baxımdan, ölkəmizin Qarabağdakı layihələrin həyata keçirilməsində böyük uğurlar əldə etməsi, dünya mətbuatında təqdir olunması Azərbaycanın kommunikasiya siyasətində uğurlu metodlardan istifadə etdiyini bir daha nümayiş etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri Tural İsmayılov bildirib.
STM təmsilçisi qeyd edib ki, bu gün Azərbaycanın işğaldan azad edilmiş bölgələri ilə bağlı çox ciddi hədəfləri və planları var. Ölkəmizin Qarabağda yolları yenidən qurması, müasir infrastruktur formalaşdırması, eləcə də ərazilərin minalardan təmizlənməsi, məcburi köçkünlərimizin sağlam və təhlükəsiz qayıdışının təmin edilməsi bu ərazilərdə kommunikasiya məsələsinin yenidən dirçəldilməsinə və inkişafına səbəb olur. Həmçinin dövlətin bu istiqamətdə atdığı hər bir addım -Qarabağ bölgəsinin dirçəliş məsələsi kommunikasiya mərkəzinə gələcək yeni bir areal formalaşdırmağa xidmət edir: “Bu, dövlətimizin Qarabağla bağlı prioritet siyasətidir. Burada kommunikasiya vacib məqamlardan birini təşkil edir. Ümumilikdə isə Zəngəzur dəhlizinin işə başlamağı ilə Qarabağ Çindən Böyük Britaniyaya qədər uzanan tarixi İpək Yolu kommunikasiya layihəsində böyük bir rola malik olacaq”.
T.İsmayılov vurğulayıb ki, bu gün Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin ən önəmli qovşaqlarından birini təşkil edir. Təbii ki, həm Əlaqələndirmə Qərargahının bu sahədə uğurlu işləri, həm də Prezident İlham Əliyevin xüsusi nümayəndələrinin işğaldan azad edilmiş bölgələrində kommunikasiya ilə bağlı həyata keçirdiyi məqsədyönlü tədbirlər bu məsələdə Azərbaycanın çox ciddi addımlar atmağına səbəb olur. Nəticə etibarı ilə artıq mərhələ-mərhələ bu işlərin ciddi və real nəticələrini görürük.

Tikinti̇ 2023-06-12 18:56:00