×
A
A
A
Sazlamalar

Ekspert: İnşaat sektorunun inkişafına təsir edən bir sıra amillər mövcuddur

Bakı, 7 iyun, AZƏRTAC

İnşaat sektorunun inkişafına təsir edən əsas amillər digər iqtisadi sektordakı amillərdən o qədər də fərqlənmir.
Bu sahənin inkişafına təsir edən başlıca amillərə dövlət tənzimlənməsi, siyasi, təbii, innovasiya faktorları, sosial-demoqrafik faktorları, tikinti bazarına giriş baryerləri, təchizatçılar, alıcılar və kreditorları göstərmək mümkündür.
Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Mirheydərov bildirib.
Onun sözlərinə görə, dövlət tənzimlənməsi tikinti təşkilatlarının fəaliyyətinin səmərəliliyinə əhəmiyyətli təsir göstərən amil olmaqla, iqtisadiyyatın tikinti sektorunun fəaliyyətinə mərkəzləşdirilmiş inzibati təsirin və normativ-hüquqi bazanın formalaşdırılması yolu ilə bazar tənzimləmə mexanizminin məcmusudur. Qeyd olunan inzibati təsirin tərkib hissələri sırasında bina tikintisi ilə məşğul olan şəxslərə müəyyən vergi güzəştlərinin verilməsi yer tutur. Vergi Məcəlləsinin 13.2.12 maddəsinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir: “ Əlavə olaraq, Vergi Məcəlləsinin 108.3-cü maddəsinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir. Məcəllənin 164.1.47 maddəsinə görə, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi üzrə dövriyyələr əlavə dəyər vergisindən azad edilib. Nəhayət, Məcəllənin fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizi qaytarılır”.
Ekspert qeyd edib ki, ətraf mühit amilləri kimi siyasi amillər tikinti təşkilatlarının səmərəliliyinə daha çox təsir göstərir, lakin bu təsir, bir qayda olaraq iqtisadi və ya hüquqi amillər vasitəsilə dolayı olur. Bu baxımdan, artıq bir neçə il ölkədə həyata keçirilən Güzəştli ipoteka, Güzəştli mənzil, Mənzillərin satmaq öhdəliyi ilə kirayə verilməsi layihələrini misal gətirmək olar. Bu sosial layihələr çərçivəsində təqdim olunan yaşayış sahələri dövlət tərəfindən bina tikintisi ilə məşğul olan şəxslərdən alınması bazarda yeni əmlaklara daimi tələbat yaradır, bu da öz növbəsində tikinti sektorunun daha da artmasına səbəb olur: “Təbii amillər həm ümumi, həm də şirkətlər və ayrı-ayrı təsərrüfat subyektləri səviyyəsində iqtisadi səmərəliliyə təsir edə bilən mədən-geoloji, iqlim, eləcə də coğrafi amillərin məcmusudur. İnnovativ amillər dedikdə, onun səmərəliliyini artırmaq məqsədilə yeni texnikanın, texnologiyanın, əməyin və istehsalın təşkilinin mütərəqqi formalarının tətbiqi əsasında kompleksin və onun sənaye sahələrinin istifadə etdiyi istehsal proseslərinin təkmilləşdirilməsinə mühüm təsir göstərən amillərin məcmusudur. Bu baxımdan, yeni texnikanın, texnologiyanın, əməyin və istehsalın təşkilinin mütərəqqi formalarının tətbiqinə çəkilən xərclərin və elmi-texniki nailiyyətlərin tətbiqi nəticəsində əldə edilən nəticələrin nisbətinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir”.
V. Mirheydərov bildirib ki, sosial-demoqrafik mühitin amilləri müəssisələrin istehsal və təsərrüfat fəaliyyətini həyata keçirdikləri yerlərdə əhalinin demoqrafik strukturu, həyat tərzi, adət və vərdişləri, əhalinin sosial hərəkətliliyi, müəssisələrə işçi qüvvəsi kimi cəlb etmək və istifadə etmək imkanları, yerli əhalinin iqtisadi fəaliyyət yerlərində sosial infrastrukturun olmasıdır. Tikinti təşkilatının səmərəliliyinə əhəmiyyətli təsir göstərən amillər kimi tikinti bazarına daxil olmaq üçün maneələrə iqtisadiyyatın bu sektorunun yüksək kapital tutumluluğu, kadrların ixtisasına yüksək tələblər, bir sıra ölkələrdə tətbiq edilən sərt dövlət tənzimləməsi və tikinti fəaliyyətinin məcburi lisenziyalaşdırılması ilə bağlı iştirakçıların tərkibinin məhdudlaşdırılması aiddir.
Bundan başqa, avadanlıq və materialların alınması zamanı xərcləri azaltmaq üçün xüsusilə təchizatçılar arasında ciddi rəqabət şəraitində maliyyə resurslarına əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verən təchizat üzrə tenderlərin keçirilməsi adi bir təcrübəyə çevrilib. Yaxşı işgüzar nüfuza malik olan qarşı tərəflərlə sabit əlaqələrin qurulması, qarşılıqlı faydalı əməkdaşlığın təmin edilməsi və bəzilərinə (alıcılara) vaxtında təhvil verməyə, digərlərinə (təchizatçılara - tikinti təşkilatlarına) təhvil verilmiş məhsulun vaxtında və ya hətta qabaqcadan ödənilməsinə imkan verir və bununla da dövriyyə vəsaitlərinin dövriyyəsini sürətləndirir, bu məqam isə iqtisadiyyatın uzun istehsal dövrü olan sektorları üçün çox vacibdir. Kreditorlar təşkilati-hüquqi formasından və mülkiyyət formasından asılı olmayaraq istənilən təsərrüfat subyektinin fəaliyyətinə təsir göstərə bilirlər.
Ekspert vurğulayıb ki, təsərrüfat subyekti ilə onun kreditorları arasında münasibətlər əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik və normativ sənədlərlə tənzimlənir. Bu amilin hər hansı bir sahibkarlıq subyektinin fəaliyyəti üçün əhəmiyyəti çoxdur, çünki kreditorların qanuni tələblərinin sahibkarlıq subyekti tərəfindən təmin edilməməsi qanunla nəzərdə tutulmuş sanksiyaların tətbiq edilməsinə səbəb ola bilər, nəticədə isə borclunun müflis elan edilməsi ilə nəticələnə bilər.

Tikinti̇ 2023-06-07 16:16:00