×
A
A
A
Sazlamalar

Paytaxtın Nərimanov rayonunda İsa bulağı küçəsi təmir olunur

Bakı, 2 may, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin Nərimanov rayonu ərazisində İsa bulağı küçəsi təmir olunur.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir işləri sözügedən küçənin Akademik Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski prospektinə qədər olan 240 metrlik hissəsində aparılır.
Məlumata əsasən, ortalama eni 7 metr təşkil edən küçədə təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, 690 poqonometr səki və bordür daşlarının yenilənməsi, 890 kvadratmetr piyada səkilərin bərpası işləri görülüb.
Küçədə təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı şəkildə aparılır. Yeraltı kommunikasiya xətlərinin yenilənməsi işləri yekunlaşdıqdan sonra qazılmış hissədə əks-dolğu işləri icra olunaraq, küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənəcək.
Təmir işləri çərçivəsində küçə boyu mövcud köhnə yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri də aparılacaq.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri görüləcək, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri aparılmaqla küçə müasir görkəmdə istifadəyə veriləcək.
İşlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

 

 

Tikinti̇ 2023-05-02 17:09:00