×
A
A
A
Sazlamalar

Əməkdar artist Elza Seyidcahanın yaradıcılığına həsr olunmuş konserti təşkil edilib

Bakı, 30 mart, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasında Əməkdar artist, Azərbaycan və Qırğızıstan Bəstəkarlar ittifaqlarının üzvü Elza Seyidcahanın yaradıcılığına həsr olunmuş konserti təşkil edilib. Yüksək səviyyədə hazırlanan konsert proqramı klassik və müasir musiqi sintezindən ibarət olub. Belə ki, konsertin repertuarı da ciddi və müasir tələblərə uyğun mövzular əsasında hazırlanıb.
AZƏRTAC xəbər verir ki, konsertin ilk musiqi əsəri E.Seyidcahanın Bedretten Dolonun sözlərinə bəstələdiyi və öz ifasında orkestrin müşayiəti ilə səslənən “Mehtabım” mahnısı olub. O, bu mahnını Türkiyədə baş verən zəlzələ qurbanlarının xatirəsinə və ümumən bu faciəyə həsr edib. Mahnı səslənərkən ekranda o dəhşətli hadisələrin görüntüləri sanki mahnını daha da təsirləndirib. Əsərin sonluğu Azərbaycan və Türkiyə bayraqlarının birgə nümayişi ilə tamamlanıb ki, bu da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə istinad edərək onun müdrik bir millət, iki dövlət deyiminin bariz nümunəsi idi.
Tədbirdə Elza xanımın klassik şairlərimiz Nizami Gəncəvi, Molla Pənah Vaqif eləcə də müasir poeziya nümayəndələrinin şeirlərinə bəstələdiyi mahnılar səslənib. Ekranda hər mahnıya uyğun kadrlar və canlı rəqs nümunələri konserti daha da rövnəqləndirib.
Elza Seyidcahan bu konsertlə sanki bir yaradıcılıq hesabatı verib. Ona dəstək olan yaradıcı heyət və xüsusən də sənət dostları bu gecəyə xüsusi rəng qatıblar. Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Əməkdar artistlər Gülüstan Əliyeva, Nüşabə Ələsgərli, Mətanət İsgəndərli və digər tanınmış müğənnilərin ifasında Elza Seyidcahanın mahnıları səslənib.
Onun yaradıcılığının ən mühüm qolu olan vətənpərvərlik mövzusundan da söhbət açılıb və bu mövzuda əsərləri səslənib.
Bir sözlə Elza Seyidcahanın uğurla keçən yaradıcılıq gecəsi onun sənətdə qazandığı uğurlarını nümayiş etdirib.

Musiqi 2023-03-30 17:14:37