×
A
A
A
Sazlamalar

“Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert

Bakı, 29 mart, AZƏRTAC

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, musiqi axşamında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayev) müşayiəti ilə respublika və beynəlxalq müsabiqələr laureatları, gənc istedadlar Məhta Məhəmmədəlizadə (qanun) və Rəhman Abdullayev (tar) çıxış ediblər.
Solistlər tərəfindən Hacı Xanməmmədovun Tar və orkestr üçün 3 nömrəli konserti, həmçinin Kamança və orkestr üçün konserti dinləyicilərə təqdim olunub.
Qeyd edək ki, layihə müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən, onu dərk edərək böyük sevgi hissi ilə ifa edən ifaçıların sayının artmasına xidmət edir. Tanınmış dirijorların rəhbərliyi altında gənc ifaçıların simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə konsertlərinin keçirilməsi onların sənət yolunda inkişafına mühüm zəmin yaradır.

Musiqi 2023-03-29 16:56:05