×
A
A
A
Sazlamalar

Dünyaşöhrətli violonçel ifaçısı Mstislav Rostropoviçin xatirəsi anılıb

Bakı, 29 mart, AZƏRTAC

Martın 29-da M.Rostropoviçin anadan olmasının 96 illiyinə həsr edilmiş “Adagio” adlı klassik musiqi konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, dünyaşöhrətli violonçel ifaçısının ev-muzeyində təşkil olunan konsertdə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifasında xarici və yerli bəstəkarların əsərləri səsləndirilib. Muzeyin işçiləri tərəfindən maestronun həyat və yaradıcılığından bəhs edən məruzə oxunub və qonaqlara M.Rostropoviçə həsr edilmiş “Podsolnux” adlı sənədli film təqdim olunub.
Sonda konsert proqramında çıxış edən şagirdlər muzey tərəfindən təşəkkürnamələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, M.Rostropoviç 1927-ci il martın 27-də Bakıda violonçelist L.Rostropoviç və piano ifaçısı S.Fedotovanın ailəsində dünyaya göz açıb. İlk əsəri “Polka”nı Bakıda yaşayarkən yazıb. Maestronun zəngin yaradıcılığı dünya musiqi mədəniyyətində silinməz izlər qoyub. O, öz yaradıcılığı boyu əksər ölkələrin saysız-hesabsız orden medallarına, mükafatlarına layiq görülüb. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin Sərəncamına əsasən Bakıda yaşadıqları ünvanda Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi yaradılır. Ev-muzeyinin yerləşdiyi küçəyə ata və oğul Rostropoviçlərin adı verilib. M.Rostropoviç 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən “Şöhrət” ordeni, 2002-ci ildə isə “İstiqlal” ordeni ilə təltif olunub. 2007-ci ildə Prezident İlham Əliyev 80 yaşlı dahi musiqiçini Azərbaycanın ən yüksək mükafatı “Heydər Əliyev” ordeni ilə təltif edib.

 

Musiqi 2023-03-29 16:43:23