×
A
A
A
Sazlamalar

Uşaq Filarmoniyasında “Sədəf” Xalq Çalğı Alətləri Ansamblının konserti olub

Bakı, 16 mart, AZƏRTAC
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Sədəf” Xalq Çalğı Alətləri Ansamblının Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə 44 günlük Vətən müharibəsində şəhid olmuş Toğrul Hacıyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qeyd edək ki, vətənimizin igid oğlu Toğrul Hacıyev “Sədəf” Xalq Çalğı Alətləri Ansamblının üzvi olub.
Dövlət Uşaq Filarmoniyasının “Sədəf” Xalq Çalğı Alətləri Ansamblı repertuarında xalq mahnı və rəqslərimizə, muğamlarımıza xüsusi önəm verir. Milli-mənəvi dəyərlərimizin yaşaması, gənc nəsillərə aşılanması “Sədəf” Xalq Çalğı Alətləri Ansamblının önəm verdiyi məsələlərdəndir.
Konsert proqramı zəngin və rəngarəng repertuarla seçilib. Proqramda xalq mahnıları və rəqsləri, bəstəkar mahnıları, muğam və təsniflər ifa olunub. Sonda solistlər musiqisi Ramiz Mirişli sözləri isə Fikrət Qocaya məxsus olan “Bayram axşamlarında” mahnısı ilə tədbir iştirakçılarını bayram münasibətilə təbrik ediblər.

Musiqi 2023-03-16 16:31:38