×
A
A
A
Sazlamalar

Rübabə Muradovanın 90 illiyinə həsr olunmuş konsert

Bakı, 11 mart, AZƏRTAC

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli müğənni, Xalq artisti Rübabə Muradovanın 90 illiyinə həsr olunmuş konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Rübabə Muradovanın ifasında “Heydərbabaya salam” mahnısının lent yazısı təqdim olunub.
Sonra akademik Rafael Hüseynov sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verib.
Bildirilib ki, Rübabə Muradova 1933-cü il martın 22-də Güney Azərbaycanın Ərdəbil şəhərində anadan olub. Sabirabad Dövlət Dram Teatrında işləyib. Aktyor Ələsgər Ələkbərov onu təsadüfən həmin teatrda görüb və Bakıya Filarmoniyada işləməyə dəvət edib. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskinin sinfində təhsil alıb. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Tamamilə fərqli və güclü səsə sahib olan bu xanımın istedadı ona Dövlət Opera və Balet Teatrının solisti olduğu illərdə müxtəlif rollar oynamağa imkan verir. "Leyli və Məcnun”da Leyli, "Əsli və Kərəm”də Əsli, "Şah İsmayıl”da Ərəbzəngi, "Aşıq Qərib”də Şahsənəm, "Koroğlu”da Xanəndə qız, "Gəlin qayası”nda Sənəm kimi rollar oynayan Rübabə Muradova xalqın sevgisini qazanıb.
Rübabə Muradova 1983-cü il avqustun 28-də 50 yaşında dünyasını dəyişib.
Musiqi axşamında Xalq artistləri Nəzakət Teymurova, Gülyaz Məmmədova, Simarə İmanova, Gülyanaq Məmmədova, Əməkdar artistlər Almaz Orucova, Sevinc Sarıyeva, Səbuhi İbayev, Gülüstan Əliyeva, Zakir Əliyev, Fehruz Səxavət, Arzu Əliyeva, xanəndələr Vəfa Vəzirova, Səbinə Ərəbli, Kamilə Nəbiyeva və Rəvanə Qurbanova Rübabə Muradovanın vaxtilə ifa etdiyi bəstəkar və xalq mahnılarını səsləndiriblər.
Solistləri Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti, eləcə də Əməkdar artistlər Əliağa Sədiyev (tar), Xəyyam Məmmədov (kamança) müşayiət ediblər.

Musiqi 2023-03-11 12:15:22