×
A
A
A
Sazlamalar

Fyodor Şalyapin adına 41-ci Beynəlxalq Opera Festivalı başa çatıb

Bakı, 3 mart, AZƏRTAC
Fyodor Şalyapin adına 41-ci Beynəlxalq Opera Festival Kazan şəhərində iki təntənəli qala-konsertlə başa çatıb.
AZƏRTAC xəbər verir ki, Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində bir aya yaxın davam edən festivalın xüsusi özəlliyi dahi sənətkarın 150-liyinə həsr olunması və tanınmış müğənni və dirijorları bir araya gətirməsidir.
Festivalın təntənəli bağlanış mərasimində Rusiyanın Bolşoy və Mariinski Teatrının solistlərinin iştirakı ilə yaddaqalan proqram təqdim edilib. Müğənniləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artisti Əyyub Quliyevin rəhbərliyi ilə Rusiyanın Bolşoy Teatrının simfonik orkestri və Tatarıstan Dövlət Opera və Balet Teatrının xoru müşayiət edib. Azərbaycanlı dirijorla bərabər konsert proqramında tanınmış italyan dirijoru Marko Boemi və Bolşoy teatrın dirijoru, Rusiyanın Əməkdar artisti Anton Qrişanin də yer alıb.
Böyük sənətkar Şalyapinin həyat və yaradıcılığının müxtəlif dövrlərini əhatə edən bədii-musiqili proqram tanınmış rejissor Mixail Pancavidze və rəssam Harri Humel tərəfindən zövqlə tərtib edilib. Qala konsertlərdə iştirak edən Bolşoy Teatrdan dəvət olunmuş 65 nəfərlik orkestr və solistlər –Xalq artistləri Dinarə Əliyeva, Elçin Əzizov, Oleq Dolqov, Andrey Valentiy, Aqunda Kulaeva, Anna Aqlatova və Mixail Kazakov, Mariinski teatrın solistləri Axmed Aqadi, Vladimir Vaneev və Mixail Kolelişvili, Tatarıstan Dövlət Opera Teatrının solisti Gülnara Qatina və Qoderdzi Janelidzə proqrama xüsusi rəng qatıblar. Konsertin birinci bölümündə rus bəstəkarları Raxmaninov, Darqomıjski, Rimski-Korsakov, Borodin, Çaykovski, Musorqskinin əsərləri Azərbaycan, Gürcüstan, Belarus və Rusiyanın Bolşoy və Mariinski Teatrı, Kazan Opera Teatrının solistləri tərəfindən böyük məharətlə ifa edilib.
Azərbaycanlı dirijor Əyyub Quliyevin iştirakı ilə Bolşoy Teatrın simfonik orkestri və Tatarıstan Dövlət Akademik Opera Teatrının balet solistləri və xorunun ifasında A.Borodinin “Qıpçaq rəqsləri”nin ifası böyük rezonansa səbəb olub. Konsertin ikinci bölümündə isə Rossini, Verdi, Puççini, Boyto, Quno, Leonkavallonun populyar opera nümunələri ilə bərabər, məşhur balet artistləri, Rudolf Nureyev filmində baş rolu canlandıran Oleq İvenko, Vaqner Karvalyo və Tatarıstanın balet priması Kristina Andreyevanın ifasında “Faust” operasından “Valpurgiya gecə”si sürəkli alqışlarla qarşılanıb.
Konsertin qonaqları sırasında olan Rusiyanın Bolşoy Teatrının direktoru Vladimir Urin və Tatarıstan Dövlət Opera və Balet Teatrının direktoru Raufal Muxamedzyanov konsertdən sonra iştirakçılara ən xoş arzularını bildirib. Qeyd etmək lazımdır ki, festival çərçivəsində görkəmli dirijor Valeri Gergiyevin rəhbərliyi altında Musorqskinin “Xovanşina” operasının ifası da böyük marağa səbəb olub.

 

Musiqi 2023-03-03 12:08:31