×
A
A
A
Sazlamalar

Filarmoniyada abonement konsertləri davam edir

Bakı, 27 fevral, AZƏRTAC

Ötən ilin sonlarında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Filarmoniya tərəfindən təşkil olunan abonement konsertlər cari ilin fevralında da davam etdirilib. Konsertlər fevral ayında hər həftənin şənbə günləri saat 15:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçirilib.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, ay ərzində Kamera və Orqan Musiqisi Zalının səhnəsində Azərbaycan Dövlət Fortepiano Triosunun “Qara Qarayev və şagirdləri” adlı konserti olub, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu “Mahnı çələngi” adlı konsertlə dinləyicilər qarşısına çıxıb, Dövlət Simli Kvartetinin Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konserti keçirilib.

Fevralın son abonement konsertində “Cadenza” orkestri məktəblilər üçün maraqlı proqram hazırlayıb, onlara maarifləndirici məlumatlar verib.

Qeyd edək ki, konsertlərdə iştirak etmək istəyənlər biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərlər. Bir dəfə alınan abonement bileti ay ərzində təşkil olunan konsertlər üçün keçərlidir.

Musiqi 2023-02-27 11:24:41