×
A
A
A
Sazlamalar

Muğam axşamları: Bu dəfə “Bayatı Qacar” və “Şüştər” səslənəcək

Bakı, 16 fevral, AZƏRTAC

Fevralın 17-də Beynəlxalq Muğam Mərkəzində (BMM) “Muğam axşamları” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunacaq.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, musiqi gecəsində “Bayatı Qacar” və “Şüştər” muğamlarını Sevinc Sarıyeva, Nisbət Sədrayeva, Rəvanə Qurbanova və Məmməd Nəcəfov oxuyacaqlar.
Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Layihənin rəhbəri BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərir. “Muğam axşamları” layihəsi 2017-ci ildən həyata keçirilir.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrini də musiqisevərlərə təqdim edir.

Musiqi 2023-02-16 11:13:34