×
A
A
A
Sazlamalar

Zığ dairəsinin yaxınlığında inşa olunan yeni piyada keçidinin aşırım hissəsi montaj edilib

Bakı, 19 yanvar, AZƏRTAC

Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə Zığ dairəsinin yaxınlığında yeni yerüstü piyada keçidinin tikintisi davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihəyə uyğun olaraq bu gecə keçidin aşırım hissəsinin metal konstruksiyasının montajı həyata keçirilib.
Keçidin uzunluğu 52,55 metr, aşırım hissəsinin uzunluğu 46,95 metr, eni 2,83 metr, pilləkənlərin eni isə 2,7 metr təşkil edir.
Yol səviyyəsindən hündürlüyü 5,7 metr təşkil edən keçid orta dayaqdan ibarət metal konstruksiyalıdır. İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, təhlükəsizlik kameralarının quraşdırılması, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
Artıq keçidin dayaq hissələrinin beton və metal işləri, həmçinin aşırım hissəsinin metal konstruksiyası üzrə işlər tamamlanıb.

Tikinti̇ 2023-01-19 12:55:00