×
A
A
A
Sazlamalar

Bakı Musiqi Akademiyasında təntənəli konsert proqramı təşkil edilib

Bakı, 29 dekabr, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında Akademiyanın “Fortepiano, Orqan və Klavesin” kafedrasının fəaliyyətinin 70 illiyinə həsr olunmuş təntənəli konsert təşkil edilib.
BMA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konsertin bədii rəhbəri “Fortepiano, Orqan və Klavesin” kafedrasının müdiri, professor Afaq Rüstəmovadır. Rəngarəng konsert proqramında yerli və xarici bəstəkarların əsərləri səsləndirilib.
Xalq artisti, professor Xuraman Qasımova və musiqişünas, BMA-nın dosenti Xatirə Həsənzadə tədbir barədə məlumat verərək, kafedranın 70 illiyi ilə əlaqədar bütün kollektivi təbrik ediblər.
Konsertdə BMA-nın professor-müəllim heyəti, Xalq artistləri Ülviyyə Hacıbəyova, Gülnaz İsmayılova və Əməkdar incəsənət xadimi Kəmalə Neymanova, Könül Hüseynova, Əməkdar müəllim Adilə Mailova, dosentlər Dilşad Əliyeva, Tofiyə Cavadova, Aynur Xəlilova, İdris Zeynalov, Əməkdar artist, baş müəllim Nigar Məlikova, Lalə Atakişiyeva, müəllim Gülnar Mirqasım, tədbirin qonaq ifaçıları Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının, Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin solisti, Əməkdar artist Aynur İsgəndərli, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Atəş Qarayev, “Muğam” televiziya müsabiqəsinin qalibi Babək Şuşalı, eyni zamanda BMA-nın tələbələri Gülbacı Muradova, Erol Rzayev, Leyla Baxışova, həmçinin BMA-nın Tələbə kamera orkestrinin bədii rəhbəri və dirijoru Üzeyir Məmmədov əsrarəngiz çıxışlarını tamaşaçılara təqdim ediblər.
Qeyd edək ki, bayram ab-havalı konsert gecəsi maraqla qarşılanıb.

Musiqi 2022-12-29 15:51:46