×
A
A
A
Sazlamalar

® “Norm” ASC 2022-ci ili uğurla başa vurub

Cənubi Qafqazın ən iri sement istehsalçısı olan “Norm” ASC ötənilki fəaliyyətini uğurla başa vurduğuna dair hesabat verib. 2013-cü ildən bəri qeyri-neft sektorunun inkişafına töhfə verən və sənaye sahəsində aparıcı mövqe tutan şirkət bu il də mühüm uğurlara imza atıb.

“Norm” ASC il ərzində Qarabağın yenidən qurulması və regionun abadlaşdırılması istiqamətində çoxşaxəli fəaliyyət planını həyata keçirməyə nail olub. Belə ki, işğaldan azad edilmiş rayonlarda davam edən bir çox inşaat layihələrinin sement təchizatı məhz “Norm Sement” zavodu tərəfindən qarşılanıb. Zəfər yolu, Şükürbəyli-Cəbrayıl-Hadrut, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Toğanalı-Kəlbəcər-İstisu, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yollarının inşasında “Norm” sementlərindən istifadə olunub. Daşaltı, Toğana-Kəlbəcər tunelləri və yeraltı keçidləri zavodda istehsal edilən və tunellərin tikintisi üçün nəzərdə tutulan xüsusi növ sementlə tikilib.
Bölgədə yaşayış binalarının, kənd təsərrüfatı və səhiyyə obyektlərinin, yolların, viaduk, körpü və tunellərin inşasında istifadə olunan sement məhsullarının təminatı ilə yanaşı, bu məhsulların qısa zaman ərzində və təhlükəsizlik qaydalarına riayət edilərək müştərilərə çatdırılması şirkətin logistika siyasətinin başlıca prioriteti olub.
Qarabağda həyata keçirilən layihələr üzrə sement təchizatında yubanmaların qarşısının alınması və davamlılığın təmin edilməsi məqsədilə “Norm” ASC tərəfindən Avropa istehsalı olan və Avro 5 standartının tələblərinə cavab verən 12 ədəd əlavə yük maşını alınıb. Unikal dizayna və yüngül çəkiyə malik, yük kompressorları və rəqəmsal qoşquya nəzarət sistemi ilə təchiz edilən bu nəqliyyat vasitələrində sementin boşaldılması zamanı təhlükəsizlik və maksimum səmərəlilik təmin olunur. Ən son texnologiyaların tətbiqi ilə istehsal edilən maşınlar və qoşqu vasitələri çətin yol şəraitinə dayanıqlı olub, sürücülərin rahatlığı üçün əlverişli imkanlara malikdir.
2022-ci ildə zavodda quyu-tamponaj sementinin istehsalı və satışı ilə bağlı mühüm addımlar atılıb. Bu sement növünün istehsalı üçün zavodda tədqiqat və hazırlıq işlərinə hələ 2019-cu ildən başlanılıb, istehsal üçün lisenziya prosesləri pandemiya şəraitində davam etdirilərək, ötən ildən etibarən məhsulun istehsalı həyata keçirilib. Bu sement növü ölkənin neft sənayesi üçün strateji məhsul hesab olunur və 2021-ci ilə qədər Azərbaycanda istehsal olunmadığına görə xaricdən idxal edilirdi.
Cari ildən etibarən, “Norm” ASC SOCAR, eləcə də bir sıra yerli və xarici şirkətləri quyu-tamponaj sementi ilə təchiz etməyə başlayıb. Fəxr hissi ilə vurğulamaq olar ki, bu gün “Norm Sement” zavodu ölkənin neft sənayesinin quyu-tamponaj sementinə olan tələbatını tam ödəmək iqtidarındadır. Xatırladaq ki, zavod Cənubi Qafqazda quyu-tamponaj sementinin ilk istehsalçısıdır və bu məhsul Amerika Neft İnstitutunun (API) Q1 və 10A sertifikatlarına layiq görülüb. Beləliklə, qeyri-neft sektorunun inkişafında rolu olan sənaye müəssisəsi kimi “Norm” ASC həm də neft sənayesini bu məhsulla təchiz etməklə xaricdən asılılığı aradan qaldırmağa dəstək olur.
Bu il şirkət üçün istehsalatda qəzasız il kimi yadda qalıb, şirkətin cari ilin yekunlarına dair illik məlumat iclasında “2 milyon qəzasız iş saatı”nın tamamlanması xüsusi qeyd edilib.
İl ərzində şirkət tərəfindən təhsillə bağlı layihələr də uğurla icra olunub. Belə ki, bir sıra universitetlərlə əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum çərçivəsində həmin universitetlərdə təhsil alan tələbələr “Norm Sement” zavodunda istehsalat təcrübələrinə cəlb olunublar. Bununla yanaşı, zavodun peşəkar heyəti tərəfindən tələbələrə istehsal, maliyyə, biznes, keyfiyyətə nəzarət və s. sahələrlə bağlı müxtəlif mövzularda təlimlər keçilib.
“Norm” ASC ölkə iqtisadiyyatının dayanıqlı inkişafına dəstək vermək məqsədilə növbəti illər ərzində bütün imkanlarından istifadə etməyə və sənaye sahəsində öz rolunu möhkəmləndirməyə davam edəcək.

Tikinti̇ 2022-12-28 11:22:00