×
A
A
A
Sazlamalar

İsrailin Hayfa şəhərində Fikrət Əmirovun ölməz əsərləri səsləndirilib

Bakı, 26 dekabr, AZƏRTAC

İsrailin Hayfa şəhərində yerləşən “Krieger” Sənət Mərkəzində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, konsertdə yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Konsertdən əvvəl çıxış edən Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlov diqqətə çatdırıb ki, il ərzində ABŞ-dan Pekinə qədər dünyanın müxtəlif ölkələrində Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş konsertlər keçirilib.
“Lakin çox şadam ki, bu əlamətdar ilin yekun konserti İsraildə keçirilir”, - deyə maestro vurğulayıb.
Sonra Hayfa Simfonik Orkestrinin ifasında Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, “Kürd ofşarı” simfonik muğamı və “Nəsimi nağılı” simfonik poeması təqdim edilib.
Konsertdən sonra yerli ictimaiyyətin nümayəndələri ifaçılara və tədbirin təşkilatçılarına səmimi təşəkkürlərini bildiriblər. Yerli sakinlərin əksəriyyətinin fikrincə, bu, onları ilk dəfə sevdikləri, lakin artıq həmişə dinləməyə hazır olduqları heyrətamiz Azərbaycan musiqisi ilə tanış edən bir axşam olub.

Musiqi 2022-12-26 18:23:20