×
A
A
A
Sazlamalar

Xalq artisti Ənvər Sadıqov ilk böyük solo konsertə hazırlaşır


Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 23-də Heydər Əliyev Sarayında Azərbaycanın görkəmli musiqiçisi, Xalq artisti Ənvər Sadıqov ilk böyük solo konserti ilə musiqisevərlərin qarşısına çıxacaq.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konsertdə “Qaytağı" instrumental ansamblının iştirakı ilə Ənvər Sadıqov və Emil Əfrasiyabın yeni layihəsi təqdim olunacaq.
Konsertin biletlərini şəhərin kassalarından və iticket.az saytından onlayn əldə etmək olar.
Qeyd edək ki, Azərbaycanın görkəmli musiqiçisi, "Qaytağı" instrumental ansamblının bədii rəhbəri, virtuoz qarmon və akkordeon ifaçısı, Xalq artisti Ənvər Sadıqov bir çox fərqli musiqi janrları olan xalq musiqisi, muğam, klassik, eləcə də caz musiqilərini məharətlə ifa edərək, bu janrlar arasında gözəl körpü və sintez yaradır. O, 2017-ci ildən Azərbaycan Milli Konservatoriyasında müəllim vəzifəsində çalışır və 2019-cu ildən isə konservatoriyanın “İnstrumental-muğam" kafedrasında Azərbaycan qarmonu aləti üzrə ixtisas-muğam fənnindən baş müəllim kimi dərs deyir. 2001-ci ildən başlayaraq Ə.Sadıqov lap gənc yaşlarından arzusunda olduğu yeni Azərbaycan qarmonu üzərində eksperimentlər apararaq çalışıb və nəhayət 2007-ci ildə "ReneveR" adlı üç oktavalı, eləcə də yeni registrli qarmonun yaranmasına nail olub. Alət 2013-cü ildə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən təsdiqlənib, eyni zamanda 2018-ci ildə isə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində ixtira kimi qeydiyyatdan keçərək patentləşdirilib. Bu yeni qarmon səs diapazonunun geniş olmasından əlavə, həm də daha bir səs registrinin olmasına görə Azərbaycan qarmon ifaçılığı üçün yeni imkanlar yaradaraq, gənc ifaçilar arasında geniş yayılmaqdadır.

Musiqi 2022-12-19 12:22:48