×
A
A
A
Sazlamalar

Memarlar İttifaqının Ağsaqqallar Şurasının ilk iclasında Şuranın fəaliyyət istiqamətləri müəyyənləşdirilib

Bakı, 16 dekabr, AZƏRTAC

Dekabrın 16-da Azərbaycan Memarlar İttifaqında Memarlar İttifaqının nəzdində yaradılmış Ağsaqqallar Şurasının ilk iclası keçirilib.
Memarlar İttifaqından AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə qurumun üzvlərinin və ölkə memarlarının ictimai rəyini nəzərə almaq və mövcud məsələlərin həllində şəffaflığı təmin etmək məqsədilə yaradılmış Şuranın ictimai əsaslarla fəaliyyət göstərən məşvərətçi orqan olduğunu deyib. Həmçinin diqqətə çatdırılıb ki, Şuranın əsas məqsədi xalqımızın milli-mənəvi dəyərlərini, tarixi ənənələrini nəzərə almaqla ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına ağsaqqalların töhfəsini təmin etməkdən ibarətdir.
E.Qasımzadə bildirib ki, Memarlar İttifaqının XX qurultayında qəbul olunmuş Əsasnaməyə əsasən Şura, ölkənin sosial-iqtisadi inkişafına yönəlmiş tədbirlərin icrasına dəstək vermək, əhalinin maarifləndirilməsi və onlarda vətənpərvərlik hissinin gücləndirilməsi üçün tədbirlər görmək, eləcə də İttifaqın fəaliyyət istiqamətlərinə uyğun vəzifə və hüquqlarının həyata keçirilməsində ağsaqqalların rolunu gücləndirmək və onların təcrübəsindən faydalanmaq kimi vəzifələri həyata keçirir: “Şura, memarlıq və şəhərsalma sahəsində həyata keçirilən dövlət siyasəti barədə əhalini tam və düzgün məlumatlandırmaq, İttifaqla əhali arasında kommunikasiya və əlaqələndirici funksiyaları yerinə yetirmək, əhali üçün əhəmiyyət kəsb edən cari və perspektivdə ortaya çıxacaq məsələlərə dair iclas və müzakirələr aparmaq, bu müzakirələrə digər orqanları və qurumları cəlb etmək, nəticələrinə əsaslanaraq İttifaqa öz rəy və tövsiyələrini bildirməyi fəaliyyətinin əsas istiqamətləri kimi müəyyən edir”.
Qeyd olunub ki, Şuranın funksiyalarına, həmçinin İttifaq üzvləri ilə daim ünsiyyət saxlayaraq, onların gündəlik qayğıları ilə maraqlanmaq, problemlərini öyrənmək və bunların həlli istiqamətində İttifaq qarşısında məsələlər qaldırmaq, İttifaqın kimsəsiz, tənha və köməyə ehtiyacı olan üzvlərinin problemlərinin həll edilməsi ilə bağlı təkliflər təqdim etmək kimi məsələlər daxildir.
Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün Şura müxtəlif kurs və seminarların, görüşlərin, sərgilərin təşkilini öhdəsinə götürür. Memarlar İttifaqının yanında yaradılmış “Gənc Memarlar və Tələbələr Klubu”, “Vətəndaş” hərəkatı, Peşəkarlıq Etikası Kollegiyası və İttifaqın yaradıcılıq komissiyaları ilə əlaqələr qurur, onlarla birgə layihələr həyata keçirir.
İclasda Tofiq Şəkixanov yekdilliklə Şuranın sədri, Nizami Şıxzamanov Şuranın məsul katibi seçilib. Tədbirdə Ağsaqqallar Şurasının görüşlərinin 3 ayda bir dəfə keçirilməsi qərara alınıb.

Tikinti̇ 2022-12-16 19:09:00