×
A
A
A
Sazlamalar

Avtomobil Yolları Dövlət Agentliyi cari ildə Pirallahıda görülən işləri açıqlayıb

Bakı, 14 dekabr, AZƏRTAC

Cari ilin İnvestisiya Proqramına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində paytaxtın Pirallahı rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 4,6 kilometr olan 3 küçə təmir edilib.
Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir işləri uzunluğu 2260 metr təşkil edən Kamil Rzayev, 1760 metr uzunluğa malik Yavər Əliyev küçələri və uzunluğu 580 metr olan 39-cu məhəllənin yollarında aparılıb.
Təmir-tikinti işləri çərçivəsində küçələrdə deformasiyaya uğramış yararsız qrunt çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınaraq, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. Daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Təmir işlərinin sonuncu mərhələsi üzrə üfüqi nişanlama xətlərinin çəkiliş işləri tamamlanaraq küçələr yeni görkəmdə vətəndaşların istifadəsinə verilib. İşlər agentliyin rəhbərliyinin nəzarəti ilə “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılıb.
Növbəti mərhələlərdə rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

Tikinti̇ 2022-12-14 16:28:00