×
A
A
A
Sazlamalar

Yasamal rayonunda daha bir küçə təmir edilir

Bakı, 5 dekabr, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Yasamal rayonunda Fərid Ələkbərov küçəsinin Ələsgər Ələkbərov küçəsindən Mətbuat prospekti ilə kəsişməsinədək olan 565 metr uzunluğa malik hissəsində əsaslı təmir işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən hissənin uzunluğu 560 metr, ortalama eni 7 metr təşkil edir. Təmir çərçivəsində yeni asfalt-beton örtüyünün döşənməsi, köhnə səki daşlarının yenisi ilə əvəzlənməsi işləri görülür.
Bu işlərə paralel olaraq, küçəboyu yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və yeni baxış qapaqlarının, həmçinin yağış barmaqlıqlarının qoyulması da nəzərdə tutulub. Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin ediləcək.
Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunur.
Bildirilib ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə ümumi uzunluğu 6 kilometr təşkil edən 5 küçə təmir edilib.
Agentlik tərəfindən 2021-ci ildə Yasamal rayonu ərazisində ümumi uzunluğu 3,5 kilometr təşkil edən küçələr təmir olunub.

Tikinti̇ 2022-12-05 14:27:00