×
A
A
A
Sazlamalar

Daha bir magistral yolda piyada keçidi tikilir VİDEO

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən kompleks tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometrində yerüstü piyada keçidi inşa edilir.
Məlumata əsasən, layihə üzrə keçidin uzunluğu 45 metr, daxili eni 3,5 metr, pilləkənlərin eni 3 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edən keçid orta dayaqsız metal konstruksiyadan ibarət olacaq. İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
Hazırda keçiddə montaj işləri görülür və ümumilikdə 75 faiz tikinti quraşdırma işləri başa çatdırılıb.
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, təhlükəsizlik kameralarının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Tədbirlər planına uyğun olaraq agentlik tərəfindən M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 46,9-cu kilometrlik hissəsində də yeni piyada keçidinin inşası aparılır.

Tikinti̇ 2022-12-01 16:38:00

Video