“Baksol yolu”nun 1100 metrlik hissəsində təmir işləri davam etdirilir VİDEO
Bakı, 25 noyabr, AZƏRTAC
“İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi “Baksol yolu” adlanan avtomobil yolunun 1100 metrlik hissəsində təmir işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təmir işləri çərçivəsində hazırda 15 min kvadratmetrdən çox sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Layihəyə uyğun sözügedən hissədə yolboyu zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu, yeni səki daşlarının düzülməsi və yolboyu köhnə asfalt örtüyünün frezlənməsi işləri aparılıb, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yeni piyada səkiləri inşa edilib.
“Baksol” avtomobil yolunun hazırda təmiri davam edən 1100 metrlik hissəsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılacaq. Sadalanan işlərin yaxın günlərdə yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, AAYDA tərəfindən ümumi uzunluğu 3,21 kilometr olan yolda aparılan işlər “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə həyata keçirilir.
İşlərin aparıldığı müddət ərzində yolboyu təmir olunan hissə üzrə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Bu səbəbdən sürücülərdən aparılan təmir işlərinə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
Xatırladaq ki, bundan əvvəl “Baksol yolu”nun 1400 metrlik hissəsində analoji işlər icra olunaraq yekunlaşdırılıb.
2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,06 kilometr təşkil edən küçə və yolun təmiri işləri aparılır.
Agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15,4 kilometr uzunluğa malik küçə təmir edilib.
Ekspert: Yaşıl iqtisadiyyatın fəlsəfəsi ekologiyaya zərər vurmadan formalaşmış iqtisadiyyatdır
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb