Paytaxtın Yasamal rayonunda Ələsgər Ələkbərov küçəsi təmir edilib VİDEO
Bakı, 17 noyabr, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, paytaxtın Yasamal rayonunda uzunluğu 860 metr, ortalama eni 10,5 metr təşkil edən Ələsgər Ələkbərov küçəsi təmir edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, təmir çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, zəruri yerlərdə yol əsasının bərpası və müəyyən ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi işləri görülüb. Küçəboyu 2000 poqonometr səki daşı düzülüb, 90 min kvadratmetrə yaxın sahəyə yeni asfalt-beton örtüyü döşənib.
Zəruri yerlərdə yeni yağış barmaqlıqları, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qoyulub.
Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və xüsusi parkinq yerləri ilə təmin olunaraq istifadəyə verilib.
Qeyd olunub ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6 kilometr təşkil edən 5 küçə təmir edilib.
Agentlik tərəfindən 2021-ci ildə Yasamal rayonu ərazisində ümumi uzunluğu 3,5 kilometr təşkil edən küçələr təmir olunub.
Tikinti müəssisələrində investisiya resurslarından səmərəli istifadə olunmalıdır
Bayram tətili günlərində paytaxt yollarında təmir işləri aparılıb
Qarabağın bərpası, yenidən qurulması istiqamətində investisiyalar böyük əhəmiyyətə malikdir
AAYDA tərəfindən son həftə ərzində görülən işlər barədə məlumat yayılıb
Tikinti-quraşdırmada istehsalçı qiymət indeksləri 101,7 faiz təşkil edib