×
A
A
A
Sazlamalar

Caz həvəskarlarının çoxdan gözlədiyi “Federiko Kasaqrande” triosu Bakıda çıxış edəcək

Bakı, 15 noyabr, AZƏRTAC

XVII Bakı Beynəlxalq Caz Festivalı artıq başlayır. Builki festivala məşhur caz ustaları dəvət olunub. Onların sırasında caz həvəskarlarının çoxdan gözlədiyi “Federiko Kasaqrande” triosu da var.
AZƏRTAC xəbər verir ki, əslən İtaliyadan olan Federiko Kasaqrande (gitara) səhnə yoldaşları Luka Fattorini (kontrabas) və Fulvio Siqurta (truba) ilə noyabrın 20-də “Madrid Restobar”da çıxış edəcək.
Parisdə yaşayan Federiko Kasaqrande erkən yaşlarından İtaliyada klassik musiqi öyrənməyə başlayıb. 2003-cü ildə ABŞ-ın Boston şəhərinə “Berklee” Musiqi Kollecində Campaolo Qobbo, Sandro Cibellini, Tommaso Lama, Deyv Tronzo, Mik Qudrik, Rik Pekham, Qreg Hopkins, Ceff Qalindo, Harrison Fyuell, Deyv Santoro, Hel Kruk, Ed Tomassi kimi ifaçılarla təhsilini davam etdirib. 2007-ci ildə münsiflər heyətinin prezidenti Corc Bensonun iştirakı ilə keçirilən “Gibson Montrö Caz Festivalı” gitara müsabiqəsində birinci mükafatı qazanıb. O, qrupun lideri olaraq 11 albom buraxıb.
Federiko Kasaqrande İtaliya, ABŞ, Kanada, Danimarka, Avstriya, Estoniya, Latviya, Portuqaliya, İsveçrə, Fransa, Böyük Britaniya, Çin, Tayvan, Cənubi Koreya, Belçika, Ukrayna, Bolqarıstan, Makedoniya və Almaniyada çıxış edib.

Musiqi 2022-11-15 17:59:00