×
A
A
A
Sazlamalar

“Yogev Şetrit” triosu Bakıda çıxış edəcək

Bakı, 14 noyabr, AZƏRTAC

Bir neçə gündən sonra XVII Bakı Beynəlxalq Caz Festivalı başlayır. Builki festivala dünyada məşhur caz ustaları dəvət olunub. Onların sırasında “Yogev Şetrit” triosu da var.
AZƏRTAC xəbər verir ki, noyabrın 19-da Yogev Şetrit trio yoldaşları Amir Solomon (bas) və Devid Şitritlə (fortepiano) Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək.
Bəstəkar və zərb ifaçısı Yogev Şetrit 1978-ci ildə İsraildə anadan olub. Yerusəlim İvrit Universitetində Musiqiologiya üzrə bakalavr dərəcəsi alıb. Şetrit məşhur “Coolooloosh” qrupunun yaradıcısı və üzvü olub, Çuçito Valdes, Tia Fuller, Arni Lourens, Paulo Morello və Kevin Mahogany kimi görkəmli sənətçilərlə eyni səhnəni bölüşüb. Bəstəkar qəlbli Şetrit orijinal əsərlərini ifa etmək üçün 2016-cı ildə öz triosunu yaradıb. Qrup rəhbəri kimi ilk studiya albomu "New Path"ı buraxıb. O vaxtdan “Yogev Şetrit” triosu “Beynəlxalq Panama Caz Festivalı”, “The Kennedy Center”, “Casa Del Jazz”, Roma, Vaşinqton da daxil olmaqla dünyanın 30-dan çox ən böyük festival və məkanlarında çıxışlar edib.

 

Musiqi 2022-11-14 12:09:00