×
A
A
A
Sazlamalar

Bakı Musiqi Akademiyasının məzunu Sankt-Peterburqda Qara Qarayevin “Gürcüstan təpələrində” romansını təqdim edib

Bakı, 10 noyabr, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının məzunu Teymur Kazımov noyabrın 7-də Sankt-Peterburqdakı Beloselski-Belozerski Sarayda keçirilən “Yelena Obraztsovaya ithaf” IV Beynəlxalq musiqi festivalının bağlanış mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, festival Sankt-Peterburqun Mədəniyyət Komitəsinin dəstəyi ilə İrina Çernovanın rəhbərlik etdiyi Yelena Obraztsovanın Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.
Qala-konsertə Yelena Obraztsovanın Gənc vokalçılarının beynəlxalq müsabiqəsi və Yelena Obraztsova adına Mədəniyyət Mərkəzinin Ümumrusiya vokal və instrumental sənət müsabiqəsi laureatları və xüsusi mükafatçıları qatılıb.
Konsertdə Teymur Kazımov Qara Qarayevin Aleksandr Sergeyeviç Puşkinin sözlərinə bəstələnmiş “Gürcüstan təpələrində” və Georgi Sviridovun Sergey Yeseninin sözlərinə bəstələnmiş “Beryozka” romanslarını təqdim edib.
Qeyd edək ki, Teymur Kazımov N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasında Rusiyanın Xalq artisti, solo oxuma kafedrasının müdiri Vladimir Vaneyevin sinfində təhsil alır.

Musiqi 2022-11-10 11:21:00