×
A
A
A
Sazlamalar

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi “Tariximizin Zəfər Günü” adlı tədbir keçirib

Bakı, 7 noyabr, AZƏRTAC

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi “Tariximizin Zəfər Günü” adlı tədbir keçirib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbindən məlumat verilib. Bildirilib ki, tədbirin təşkilatçısı və aparıcısı məktəbin nəzəriyyə ixtisası üzrə müəllimi, musiqişünas Leyla Həsənova 8 Noyabr - Zəfər Gününün tarixindən, 44 günlük Vətən müharibəsindən, torpaqlarımızın işğaldan azad edilməsindən danışıb.
Sonra Vətən müharibəsində qələbəyə həsr edilən videoçarxlar, şəhidlərimiz haqqında fotoslaydlar təqdim olunub.
Tədbirdə məktəbin müəllim və şagirdləri musiqi nömrələri səsləndiriblər. Həmçinin Latviya Müdafiə Nazirliyi Milli qvardiyanın qadınlardan ibarət Saksofon kvarteti çıxış edib.
Qonaqlar arasında Xalq artisti, dirijor, professor, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr xidmətinin rəisi, general-mayor Yusif Axundzadə, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilərimiz də olub.
Məktəbin direktoru Əməkdar artisti, dosent Əziz Qarayusifli qonaqlara, tədbirin təşkilatçısına və bütün iştirakçılara təşəkkür edib. Qazilərimiz və şəhid anaları belə bir konsertə dəvət aldıqları üçün minnətdarlıqlarını bildiriblər.
Tədbir zamanı qonaq qismində iştirak edən qazimizin 5 yaşlı qızının səhnəyə çıxaraq ürək sözlərinin deməsi və vətənpərvərlik mövzusunda şeir söyləməsi alqışlarla qarşılanıb.
Məktəbin foyesində və akt zalında istedadlı şagirdlərin (müəllimlər Nigar Şıxəliyeva, Əli Ağadadaşov) rəngarəng rəsm əsərləri nümayiş edilib.

Musiqi 2022-11-07 13:04:00