×
A
A
A
Sazlamalar

Xocəsən-Lökbatan avtomobil yolunda yerüstü piyada keçidi inşa olunur

Bakı, 1 noyabr, AZƏRTAC

Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə paytaxt ərazisində daha bir yerüstü piyada keçidi inşa edilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yeni yerüstü keçid piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə - Xocəsən-Lökbatan yolunda tikilir. Layihə üzrə keçidin ümumi uzunluğu 30 metr, daxili eni 3,8 metr, pilləkənlərin eni isə 3 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edən keçid orta dayaqsız metal konstruksiyadan ibarət olacaq. Hazırda keçiddə montaj işləri görülür. İki giriş-çıxışdan ibarət olacaq keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa olunan yerüstü keçid piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

Tikinti̇ 2022-11-01 15:29:00