×
A
A
A
Sazlamalar

Gitara virtuozu Rövşən Məmmədquliyev Bakıda konsert verib

Bakı, 19 oktyabr, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində (BMM) Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dünyaşöhrətli gitara ifaçısı, beynəlxalq müsabiqələr laureatı Rövşən Məmmədquliyevin solo konserti olub.
Konsertdən əvvəl AZƏRTAC-a müsahibə verən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Rövşən Məmmədquliyevin yaradıcılığı ilə çoxdan tanış olduğunu söyləyib: “Onu tez-tez xarici ölkələrdə qastrol səfərlərində görürəm. Bundan əlavə Rövşən Məmmədquliyev ustad dərsləri də verir. Hətta bu dərslərin birini izləyərkən onun peşəkar bir sənətkar olduğunu sezmişəm”.
Firəngiz Əlizadə bildirib ki, Rövşən Məmmədquliyev gecədə onun “Fantaziya” əsərini ifa edəcək: “Rövşən mənim bu əsərimi ilk dəfə ispaniyalı gitara virtuozu Esteban Koluççinin ifasında eşitmişdi. Əsərin notlarını əldə edəndən sonra “Fantaziya”nı repertuara daxil etmək qərarına gəldi. Əlbəttə ki, bu məni çox sevindirir”.
Konsertlə bağlı təəssüratlarını bölüşən Rövşən Məmmədquliyev deyib: “Bakı mənim doğma şəhərim olduğu üçün burada çıxış etməkdən böyük şərəf duyuram. Yenidən Bakıya qayıtdığım üçün çox həyəcanlıyam. Bundan öncə mən 2010-cu ildə “Kirxa” kamera və orqan musiqisi zalında Teymur Göyçayevin dirijorluq etdiyi orkestrlə birgə çıxış etmişəm. Ancaq Azərbaycanda rəsmi solo konsertim ilk dəfədir”.
Qeyd edək ki, amerikalı skripka ifaçısı Hilari Hann kompakt diskə Firəngiz Əlizadənin “Fantaziya” və digər tanınmış bəstəkarların əsərlərini daxil etdiyi üçün 2015 ildə “Grammy” mükafatı alıb.
Sonra konsert proqramı təqdim olunub.
Konsertdə Rövşən Məmmədquliyevin ifasında Dionisio Aquado, Aqustin Barrios, Eytor Villa-Lobos, Nikita Koşkin, Fikrət Əmirov, Firəngiz Əlizadə, Fransisko Tarreqo kimi bəstəkarların əsərləri səsləndirilib.
Bu gün Rövşən Məmmədquliyevin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ustad dərsi də təşkil olunacaq. O, həvəskar və peşəkar gitara ifaçıları ilə öz bilik və bacarıqlarını paylaşacaq.

Musiqi 2022-10-19 11:44:00