×
A
A
A
Sazlamalar

Nərimanov rayonunda Məsud Əlizadə küçəsi təmir olunur

Bakı, 11 oktyabr, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə “İnvestisiya Proqramı”na əsasən, hazırda təmir işləri rayonun 1620 metr uzunluğa malik Məsud Əlizadə küçəsində aparılır.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, təmir çərçivəsində hazırda küçəboyu frezlənmə, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə piyada səkilərinin bərpası işləri davam edir, səki və bordür daşlarının yenilənməsi işləri görülür.
Daha sonra zəruri olan yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri aparılacaq. Ardınca yeni asfalt-beton örtüyü döşənəcək.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri görüləcək, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometr təşkil edir.
Xatırladaq ki, 2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq Nərimanov rayonu üzrə ümumi uzunluğu 11 kilometrdən çox olan 15-dən artıq küçə təmir olunub.

 

Tikinti̇ 2022-10-11 20:17:00