×
A
A
A
Sazlamalar

Sahil qəsəbəsində Məhərrəm Seyidov küçəsinin təmiri yekunlaşıb VİDEO

Bakı, 10 oktyabr, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq aparılan təmir işləri sürətlə davam etdirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsinin əsas yollarından biri olan və uzunluğu 3200 metr, ortalama eni 14 metr təşkil edən Məhərrəm Seyidov küçəsinin təmir işləri artıq yekunlaşıb.
Təmir çərçivəsində küçəboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri aparılıb.
Ərazidə mövcud piyada səkilərinin bərpası, kənarlarına yeni səki daşlarının düzülməsi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Bu istiqamətdə küçəboyu 2500 poqonometr yeni səki daşları düzülüb.
Layihəyə uyğun olaraq ərazidə yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenilənib. Son mərhələdə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq küçə müasir görkəmdə istifadəyə verilib.
Ümumilikdə cari ildə Qaradağ rayonunun Lökbatan, Qızıldaş, Sahil və Qobustan qəsəbələri üzrə təmiri aparılan küçələrin uzunluğu 19,6 kilometr təşkil edir.
Xatırladaq ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6,5 kilometr olan küçə və yollarda təmir işləri aparılıb.

Tikinti̇ 2022-10-10 16:59:00

Video