×
A
A
A
Sazlamalar

Fətəli xan Xoyski prospektinin daha bir hissəsi təmir edilib

Bakı, 19 sentyabr, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə paytaxtın Nərimanov rayonunda cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Fətəli xan Xoyski prospektində aparılan təmir işləri davam edir. Bu istiqamətdə prospektin Koroğlu Rəhimov və Aşıq Molla Cümə küçələri arasında yerləşən hissəsində təmir işləri yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən hissədə asfalt-beton örtükdə əmələ gələn qabarma və çatlar hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Aparılmış təmir işləri ilə sözügedən problem tam olaraq aradan qaldırılıb. Belə ki, ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, ardınca əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Ümumilikdə, təmir işlərinin icra olunduğu hissənin uzunluğu 440 metr, eni ortalama 17,5 metr, sahəsi isə 8 min kvadratmetrə yaxındır.
Prospektdə aparılan təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq gecə saatlarında və həftə sonları icra olunub.
Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə yerinə yetirilib.
Təmir işləri icra olunan müddətdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən ərazidə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.
Sonda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yolgöstərici və yol-cizgi xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılaraq prospektin sözügedən hissəsi müasir görkəmdə istifadəyə verilib.
Növbəti mərhələlərdə prospektin digər hissələrinin də təmiri nəzərdə tutulur.
Xatırladaq ki, bundan öncə prospektin Əhmədbəy Ağaoğlu və Koroğlu Rəhimov küçələri arasında olan hissəsi də əsaslı şəkildə təmir olunub.
Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometr təşkil edir. 2021-ci ildə isə “İnvestisiya Proqramı”na uyğun olaraq rayon üzrə ümumi uzunluğu 11 kilometrdən çox olan 15-dən artıq küçə təmir olunub.

Tikinti̇ 2022-09-19 18:35:00