×
A
A
A
Sazlamalar

Qala-Şüvəlan qəsəbələrarası avtomobil yolu yenidən qurulub VİDEO

Bakı, 12 sentyabr, AZƏRTAC

Cari ilin “İnvestisiya Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xəzər rayonunda Qala-Şüvəlan qəsəbələrarası avtomobil yolunun yenidən qurulması işləri yekunlaşıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, Qala-Pirallahı avtomobil yolunun 8-ci kilometrindən başlayaraq Şüvəlan qəsəbəsinə qədər uzanan Qala-Şüvəlan avtomobil yolunun uzunluğu 5,2 kilometr, hərəkət hissəsinin eni isə ortalama 9 metr təşkil edir.
Yenidənqurma işləri çərçivəsində yolboyu frezlənmə, zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işləri icra olunaraq yeni yol yatağı salınması, yol əsasının inşası və ikiqat olmaqla asfalt-beton örtüyünün döşənməsi, yol birləşmələrinin bərpası, eləcə də yol çiyinlərinin bərkidilməsi işləri aparılıb.
Layihəyə əsasən, hər birinin eni 3,75 metr olmaqla 2 hərəkət zolağından ibarət olacaq yolda 1-1,5 metr enində çiyinlərin, 1580 metr yeni səki daşlarının tikintisi, 2745 kvadratmetr sahədə səkinin bərpası işləri görülüb. Ümumilikdə 49 min 500 kvadratmetr ərazidə təmir işləri aparılıb.
Son mərhələdə yolboyu normal və təhlükəsiz hərəkətin təmin edilməsi üçün yol-cizgi və yol göstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılıb, zəruri yerlərdə yol nişanları quraşdırılaraq yol müasir görkəmdə istifadəyə verilib.
Qeyd olunub ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Xəzər rayonunun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri ərazisində ümumi uzunluğu 15,4 kilometr olan küçə və yolun təmiri işləri davam etdirilir.
2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq rayonun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16,3 kilometr olan küçə və yolların təmiri icra olunub.

Tikinti̇ 2022-09-12 15:37:00

Video