×
A
A
A
Sazlamalar

Bakı Beynəlxalq Caz Festivalının növbəti qonağı “Arslan Növrəsli” qrupu olacaq

Bakı, 9 sentyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək XVII Bakı Beynəlxalq Caz Festivalının proqramı olduqca zəngindir.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində sentyabrın 26-da “Enerji Club”da “Arslan Növrəsli” qrupu çıxış edəcək.
Arslan Növrəsli yaradıcılığını tarın çoxşaxəliliyini nümayiş etdirməyə həsr edib. O, musiqinin bütün janrlarını - klassik, caz, xalq mahnılarını daim öz kompozisiyalarında tətbiq edir. Tar virtuozu Arslan Növrəsli 2006-2022-ci illərdə müxtəlif xarici ölkələrdə keçirilən festivallarda iştirak edib, həmçinin bir çox layihəyə qoşulub. Onlardan Beynəlxalq Muğam Festivalı (Azərbaycan, 2014), Azərbaycan Musiqi Festivalı (Türkiyə, 2018), “Arslan Növrəslinin tarın kəşfi” (İngiltərə, 2014) layihələrinin adlarını çəkmək olar. Arslan Növrəsli harmonik caz standartlarını ifa edən ilk tarzəndir. O, dəfələrlə musiqisində yeni çalarlar nümayiş etdirib, muğamla cazı birləşdirib, caz kompozisiyalarını, klassik ənənəvi parçalar, estrada musiqisi, klassik və dünya nümunələrini ifa edib. O, bir çox xarici ölkələrin caz qrupları və simfonik orkestrlərində çalışan Joan Rodgers C.B., Burçin Savin, Andrea Boçelli, Ceffri Lloyd-Roberts, Şlomo Mintz və digər tanınmış musiqiçilərlə eyni səhnəni bölüşüb.

Musiqi 2022-09-09 10:54:00