×
A
A
A
Sazlamalar

Beynəlxalq Xeyriyyə Günü Bakıda musiqili proqramla qeyd olunub

Bakı, 6 sentyabr, AZƏRTAC

Sentyabrın 5-də Beynəlxalq Xeyriyyə Günü münasibətilə Bakıdakı Rus Evində konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbir M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində gerçəkləşib.
Konsertdə gənc istedadlı musiqiçilər bir araya gələrək S.Raxmaninov, N.Paqanini, İ.Brams, D.Şostakoviç, Q.Qarayev, S.Ələsgərov, C.Cahangirov, O.Zülfüqarov, H.Rzayev kimi dünya və Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirib. Konsert proqramında Azərbaycan muğamına da yer verilib. Belə ki, O.Zülfüqarovun “Mehriban insanlar” və C.Cahangirovun “Cənnətim Qarabağ” mahnıları konsertin ən yaddaqalan hissəsi olub.
Tədbirin sonunda layihə iştirakçıları və gənc musiqiçilər, eləcə də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, “Gənclərə dəstək” layihəsinin rəhbəri Murad Adıgözəlzadə və layihənin koordinatoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə təşəkkürnamə ilə təltif olunublar.

Musiqi 2022-09-06 18:42:00