×
A
A
A
Sazlamalar

Nərimanov rayonunda Əliəşrəf Əlizadə küçəsi təmir olunur

Bakı, 12 avqust, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin Nərimanov rayonu ərazisində kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə “İnvestisiya Proqramı”na əsasən, hazırda təmir işləri rayonun 1230 metr uzunluğa malik Əliəşrəf Əlizadə küçəsində aparılır.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ortalama eni 9 metr olan küçədə aparılan təmir çərçivəsində əraziyə 1360 poqonometr yeni bordür düzülüb. Hazırda piyada səkilərinin bərpası işləri davam edir. Daha sonra küçə boyu frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunacaq.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə istifadəyə veriləcək.
Növbəti mərhələdə təmir işlərinin uzunluğu 450 metr olan Tələt Şıxəliyev, həmçinin Müzəffər Nərimanov, Məsud Əlizadə küçələrində və Fətəli Xan Xoyski prospektində aparılması nəzərdə tutulur.
Cari ilin “İnvestisiya Proqramı”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometr təşkil edir.

Tikinti̇ 2022-08-12 14:09:00