×
A
A
A
Sazlamalar

Zığ-Hövsan yolunun yenidən qurulması davam etdirilir

Bakı, 7 iyul, AZƏRTAC

Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun Zığ-Hövsan hissəsinin əsaslı şəkildə yenidən qurulması texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yolun uzunluğu 6,8 kilometr, eni 32 metr təşkil edir. Zığ qəsəbəsi üzrə 2, Hövsan istiqaməti üzrə 3 olmaqla 5 hərəkət zolağından ibarət olacaq yol 1b texniki dərəcəyə uyğun inşa olunur. Yol çiyinlərinin eni 3 metrdir.
Layihəyə uyğun olaraq, yolboyu kommunikasiya xətlərinin köçürülməsi, yararsız qruntun çıxarılması, əks dolğu işləri aparılmaqla kipləşdirmə, həmçinin suötürücü boruların inşası artıq yekunlaşdırılıb. Ümumilikdə, 300 metr uzunluğunda istinad divarlarının və yağış sularının ötürülməsi üçün 1 kilometr uzunluğunda beton küvetlərin inşası işləri aparılıb.
Hazırda son mərhələdə olmaqla yolboyu asfaltlanma işləri aparılır. Sözügedən yola 4 qat və 27 santimetr qalınlığında asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub. Layihə çərçivəsində yolayrıcı zolaqlarda və zəruri yerlərdə səki daşları düzülüb.
Yenidənqurma işləri çərçivəsində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə 3 yerdə, yolun 1.8, 2.2 və 4.4-ci kilometrlik hissələrində yerüstü piyada keçidlərinin inşası davam edir, yolboyu işıq dirəkləri və 9 yerdə avtobus dayanacaqlarının quraşdırılması işləri icra olunur.
Son mərhələdə siqnal dirəkləri, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla istifadəyə veriləcək.

Tikinti̇ 2022-07-07 17:21:00