×
A
A
A
Sazlamalar

Memar Tərlan Əliyev: Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub

Bakı, 30 iyun, AZƏRTAC
Ölkəmizdə ilk pilot layihə - “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Üçüncü Ağalı kəndində reallaşdırılır. Artıq layihənin icrasına başlanılıb. “Ağıllı kənd” konsepsiyası əsasında Ağalı kəndində yaşayış massivinin salınması bölgədə yenidənqurma-bərpa işlərinin ən müasir standartlarla həyata keçirildiyini təsdiqləyir.
Bu sözləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar Tərlan Əliyev işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “ağıllı kənd” layihəsi ilə bağlı AZƏRTAC-a açıqlamasında deyib.
Memar qeyd edib ki, kənddə layihənin icrası 5 komponent üzrə aparılır. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. Keçən il inşaat işlərinə başlanılan Ağalıda tam tədric olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evdən ibarət gözəl “ağıllı kənd” salınıb. Layihəyə əsasən, Ağalı kəndində məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu yaradılacaq. Bundan başqa, kəndin genişləndirilməsi və əlavə 150 evin, ikimərtəbəli və üçmərtəbəli mənzil tipli evlərin inşası nəzərdə tutulur. Yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Kəndin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. Bu yolla ölkəmiz daha geniş aspektdən alternativ enerjinin tətbiqini reallaşdıra biləcək: “Bir sözlə, Ağalı kəndi “ağıllı kənd” pilot layihəsi çərçivəsində yenidən qurulub. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir”.
Zəngilan rayonunun Ağalı kəndinin Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşdüyünü vurğulayan T.Əliyev bildirib ki, burada “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemləri də həyata keçiriləcək və artıq Ağalı kəndində “ağıllı kənd” layihəsi çərçivəsində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb. Bu mərkəzdə ölkəmizdə ilk dəfə olaraq Teletibb otağı yaradılıb. Bu otaq xüsusi kurs keçmiş tibb işçilərinə respublikamızda və dünyada fəaliyyət göstərən həmkarları ilə portativ cihaz vasitəsilə onlayn qaydada diaqnoz və müalicə təyini ilə bağlı məsləhətləşmələr aparmaq imkanı verir.

 

Tikinti̇ 2022-06-30 11:36:00