×
A
A
A
Sazlamalar

Qobustan qəsəbəsində 4 küçə təmir edilib

Bakı, 8 iyun, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Qaradağ rayonunun Qobustan qəsəbəsi üzrə təmiri nəzərdə tutulmuş küçə və yollarda işlər tamamlanır.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “İnvestisiya Proqramı” çərçivəsində Qaradağ rayonunun Qobustan qəsəbəsində ümumi uzunluğu 2,9 kilometr olan 4 küçədə təmir işləri həyata keçirilirdi. Bunlardan Massiv 1a Mərkəzi küçə (900 metr), Massiv 3 (200 metr) və Massiv 7 küçə 1 (800 metr) üzrə təmir işləri yekunlaşıb. Uzunluğu 1 kilometr olan Massiv 5-də isə təmir işləri sonuncu mərhələdə icra olunur.
Belə ki, küçəboyu zəruri yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür ki, yaxın günlərdə bu işlər də başa çatacaq.
Analoji təmir işləri rayonun Qızıldaş qəsəbəsinin ümumi uzunluğu 5100 metr təşkil edən 2-ci Massiv 12,13 və 14-cü küçələrində də icra olunub.
Təmir işləri aparılan küçələr Qaradağ rayonunda vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.
Xatırladaq ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6,5 kilometr olan küçə və yollarda təmir işləri aparılıb. Cari ildə Lökbatan, Qızıldaş, Sahil və Qobustan qəsəbələri üzrə təmiri nəzərdə tutulan küçələrin uzunluğu isə 19,6 kilometr təşkil edir.

Tikinti̇ 2022-06-08 18:41:00