×
A
A
A
Sazlamalar

Qaradağ rayonunda 4 qəsəbə üzrə 19.6 kilometr uzunluğa malik küçə təmir edilir

Bakı, 27 may, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan 2022-ci ilin "İnvestisiya Proqramı"na uyğun olaraq Qaradağ rayonunda ümumi istifadədə olan küçə və yolların əsaslı təmiri həyata keçirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, "İnvestisiya Proqramı" çərçivəsində Qaradağ rayonunun Qobustan qəsəbəsində uzunluğu 900, eni 6 metr olan Mərkəzi küçənin təmiri yekunlaşıb. Təmir çərçivəsində küçə boyu frezlənmə, zəruri yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb, 100 poqonometr səki daşı yenilənib, yeni asfalt-beton örtüyü döşənib.
Sözügedən təmir işləri rayonun Qızıldaş qəsəbəsinin ümumi uzunluğu 5100 metr təşkil edən, 6 metr enə malik 12,13 və 14-cü küçələrində də icra olunub.
Hazırda təmir işləri rayonun Qobustan qəsəbəsi üzrə uzunluğu 1000 metr olan Massiv 5 küçəsində aparılır.
Təmiri aparılan və nəzərdə tutulan küçələr Qaradağ rayonunda vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.
Qeyd olunub ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6.5 kilometr olan küçə və yollarda təmir işləri aparılıb. Cari ildə Lökbatan, Qızıldaş, Sahil və Qobustan qəsəbələri üzrə təmiri nəzərdə tutulan küçələrin uzunluğu isə 19.6 kilometr təşkil edir.

Tikinti̇ 2022-05-27 18:51:00