×
A
A
A
Sazlamalar

H.Z.Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsi davam etdirilir VİDEO

Bakı, 19 may, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişin daşınmasının rahatlaşması ilə yanaşı kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olacaq yol infrastrukturu layihələrinin icrası davam etdirilir. Layihələr yerli, respublika və beynəlxalq əhəmiyyətli avtomobil yollarına aiddir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev-Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsi də bu cür layihələrdən sayılır.
Məlumata əsasən, H.Z.Tağıyev-Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilən hissəsinin uzunluğu 13,7 kilometr təşkil edir. Tikinti işləri nəticəsində yolun mövcud eni 15 metrdən 23-26 metrə, hərəkət hissəsinin eni isə 7-10 metrdən 15 metrə qədər genişləndirilir.
Aparılan işlər çərçivəsində marşrutboyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yeni torpaq yatağının və yol əsasının inşası, yolboyu asfalt-beton örtüyünün alt layının döşənməsi işləri yekunlaşıb, yolun 7-13 kilometr hissələrində yolayrıcı betonlar qoyulub.
Layihə üzrə nəzərdə tutulan və yolun 8-ci kilometrində layihələndirilən bir aşırımlı körpünün kənar dayaqlarının və beton aşırımların inşası, yolun digər hissəsində genişləndirilmə ilə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi işləri də artıq yekunlaşıb.
Hazırda geriyə dönmə hissələrinin işlənməsi, nəzərdə tutulan 2 yerdə bordürlərin qoyulması, 2-4,6-cı kilometrlik hissədə yolun oxunun profilə salınması işləri aparılır. Paralel olaraq yeni asfalt-beton örtüyünün digər laylarının döşənməsi işləri də icra olunur.
Sözügedən işlərlə yanaşı, H.Z.Tağıyev-Sumqayıt avtomobil yolunda metal konstruksiyalı yeni piyada keçidinin inşası da davam etdirilir. Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz keçməsini təmin etmək istiqamətində yerüstü piyada keçidi yolun 3,8-ci kilometrində inşa olunur. Yolun 4,6 və 8,7-ci kilometrlik hissələrində də daha iki bu cür piyada keçidinin inşası nəzərdə tutulur.
Görülən işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yüksək keyfiyyətlə aparılır. Layihənin nəzərdə tutulmuş müddət ərzində icra olunaraq yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb olunub.

Tikinti̇ 2022-05-19 12:45:00

Video