×
A
A
A
Sazlamalar

Yasamalda uzunluğu bir kilometrdən çox olan 4 küçədə yenidənqurma işləri aparılır VİDEO

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın Yasamal rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir. İşlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan küçə və yollarda aparılır. Bu istiqamətdə rayon üzrə ümumi uzunluğu bir kilometrdən çox olan 4 küçədə yenidənqurma işləri icra olunur.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, aparılan təmir işləri çərçivəsində 318 metr uzunluğa malik Mirzəağa Əliyev küçəsində genişləndirilmə, 736 poqonometr bordür daşlarının dəyişilməsi, 950 poqonometr tamet daşlarının düzülməsi işləri görülüb. Təmir işləri aparılan ərazinin ümumi sahəsi 3600 kvadratmetr təşkil edir.
Təmir işləri Bəşir Səfəroğlu küçəsində də aparılıb. Küçənin uzunluğu 316, eni ortalama 9 metr təşkil edir. Küçə boyu 724 poqonometr bordür, 846 poqonometr tamet daşı düzülüb. Ümumilikdə 3320 kvadratmetr sahədə təmir işləri görülür.
Təmir işlərinin icra olunduğu daha bir ərazi Çingiz Mustafayev küçəsidir. 202 metr uzunluğa, 6 metr enə malik küçəyə 327 poqonometr bordür, 577 poqonometr tamet daşı düzülüb.
Analoji işlərin aparıldığı İsmayıl bəy Qutqaşınlı küçəsinin 194 metr uzunluğa malik hissənin eni 15 metrdir (Mirzəağa Əliyev küçəsi ilə Bəşir Səfəroğlu küçələrinin kəsişməsinə qədər olan hissə).
Sözügedən küçələrdə “İnşaat Norma və Qaydaları”na əsasən zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılaraq çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca 3 qat yeni asfalt-beton örtüyü döşənib.
Bu işlərə paralel olaraq küçələr boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemlərinin bərpa olunması və işlək vəziyyətə gətirilməsi, yeraltı kommunikasiya xətlərinə baxış qapaqlarının, həmçinin yağış barmaqlıqlarının qoyulması, yeni yağış quyularının tikintisi də yerinə yetirilib.
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinin təşkili üçün küçələrdə parklanma yerləri təşkil ediləcək, üfüqi nişanlanma xətlərinin çəkilişi və yol nişanlarının quraşdırılması işləri icra olunacaq.
Bu yollar vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına gətirib çıxaracaq.
Bütün işlər tərtib olunmuş qrafikə uyğun şəkildə aparılıb. İşlərin vaxtında yekunlaşdılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

 

Tikinti̇ 2022-05-17 16:52:00

Video