×
A
A
A
Sazlamalar

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda əsaslı təmir-bərpa işlərinə başlanılır

Bakı, 29 aprel, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda əsaslı təmir-bərpa işlərinə başlanılır.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, təmir-bərpa işləri magistral yolun 88-ci kilometrindən başlayaraq Bakı şəhəri istiqamətində aparılacaq.
Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə görüləcək. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Təmir-bərpa işləri aparılan müddətdə əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təmin ediləcək. Bu istiqamət üzrə ikitərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılacaq.
Sürücülərdən sözügedən ərazidə müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Tikinti̇ 2022-04-29 13:00:00