×
A
A
A
Sazlamalar

Paytaxtın Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsinin əsaslı təmirinə başlanılıb

Bakı, 28 aprel, AZƏRTAC

Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, paytaxtın Nəsimi rayonunda 1440 metr uzunluğa malik, ortalama eni 10 metr təşkil edən Cəlil Məmmədquluzadə küçəsinin əsaslı təmirinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, hazırda küçəboyu zəruri yerlərdə piyada səkilərinin bərpası, yararsız səki daşlarının yenilənməsi işləri aparılır. Bu istiqamətdə köhnə səki daşları 1700 poqonometr yenisi ilə əvəzlənib.
Ardıcıllığa uyğun olaraq, təmir işləri çərçivəsində küçə boyunca köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sisteminin bərpası nəzərdə tutulub.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq daha sonra küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi, avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin, piyada zolaqlarının çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılaraq küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Hazırda təmir işləri rayonun İlqar İsmayılov (282 metr) və Nəcəf bəy Vəzirov (122 metrlik hissəsində) küçələrində də davam etdirilir. Bununla yanaşı, ümumi uzunluğu 1130 metr olan Mirəsədulla Mirqasımov və Nəsib bəy Yusifbəyli küçələrinin də təmiri nəzərdə tutulub.
Qeyd olunub ki, agentlik tərəfindən cari il ərzində Nəsimi rayonu ərazisində ümumi uzunluğu 1521 metr olan Nəcəf bəy Vəzirov (360 metr), Hüseynqulu Sarabski (220 metr), Mərdanov qardaşları (286 metr), Ağadadaş Qurbanov (295 metr) və Mustafa bəy Topçubaşov (360 metr) küçələrində də təmir işləri aparılıb.
2021-ci ildə isə “İnvestisiya Proqramı”na uyğun olaraq Nəsimi rayonu ərazisində 6,4 kilometr uzunluğa malik küçələrdə təmir işləri icra olunub.

Tikinti̇ 2022-04-28 17:40:00