×
A
A
A
Sazlamalar

Fransa şirkətləri ilə şəhərsalma və tikinti sahələri ilə bağlı müzakirələr aparılıb

Bakı, 11 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ölkəmizdə səfərdə olan Fransa Şirkətlər Hərəkatı - “MEDEF International”ın baş icraçı direktoru Filip Qotye və aparıcı fransız şirkətlərinin nümayəndələri ilə görüşüb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla Fransa arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasından məmnunluq ifadə edilib, ölkəmizdə həyata keçirilən şəhərsalma fəaliyyəti, hazırlanan ərazi planlaşdırma sənədləri haqqında məlumat verilib.
İşğaldan azad olunmuş torpaqlarda aparılan genişmiqyaslı tikinti-abadlıq və yenidənqurma işlərindən danışılıb, qısa vaxt ərzində əldə edilmiş nəticələrə toxunulub və həmin ərazilərin inkişaf etdirilməsi yolları müzakirə edilib. Bildirilib ki, müxtəlif istiqamətlərdə Fransa şirkətləri ilə qurulmuş işgüzar əlaqələrin şəhərsalma və tikinti sahələrində də davam etdirilməsi ikitərəfli münasibətlərin dərinləşməsinə töhfə verə bilər.
Görüş zamanı “MEDEF International” təşkilatı, təmsil olunan “Alstom”, “Suez”, “Thales”, “Egis”, “Arverne Group” və digər şirkət nümayəndələrinin təqdimatları dinlənilib, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində fransalı iş adamlarının da iştirak etmək niyyəti diqqətə çatdırılıb, həmçinin qarşılıqlı maraq kəsb edən məsələlərdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Tikinti̇ 2022-04-11 17:51:00